
Türkiyə təxminən on il əvvəl Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağı müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” agentliyinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, bu addım Ankaranın ABŞ və NATO ilə münasibətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eləcə də Türkiyənin F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulmasına yol aça bilər.
Mənbələr bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir həftə əvvəl Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı S-400 məsələsini qaldırıb. Hər iki ölkənin rəsmilərinin bu mövzunu daha əvvəl də müzakirə etdiyi qeyd olunur. Türkiyə Prezident Administrasiyası və Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib, Kreml isə görüş zamanı S-400-lərin taleyinin müzakirə olunduğunu təkzib edib.
“Bloomberg” yazır ki, Ankara S-400 müqaviləsindən imtina edərsə, bu, ABŞ-nin Türkiyə müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə gətirib çıxara bilər. Yüksək vəzifəli türk diplomatın sözlərinə görə, Vaşinqtonun bu sanksiyaları 2026-cı ildə aradan qaldıracağı gözlənilir.
Məlumata əsasən, Türkiyə Rusiyadan geri ödəmə tələb etməyi və S-400 sistemlərinin alınmasına xərclənmiş vəsaiti Rusiyadan idxal olunan neft və təbii qaz xərclərindən çıxmağı planlaşdırır. Müqavilənin ümumi dəyəri 2,5 milyard dollar olaraq qiymətləndirilir. Lakin bu mexanizmin hələlik müzakirə mərhələsində olduğu vurğulanır.
Qeyd olunur ki, Türkiyə S-400-ləri NATO müttəfiqləri ilə münasibətlərin pisləşdiyi dövrdə əldə edib. NATO və ABŞ bu sistemlərin Qərb istehsalı olan təyyarələrlə birgə istifadəsinin Rusiyanın həssas kəşfiyyat məlumatları əldə etməsinə imkan verə biləcəyini bildirmişdi. Nəticədə 2019-cu ildə ABŞ Ankaranı F-35 proqramından çıxarıb, 2020-ci ildə isə CAATSA çərçivəsində Türkiyənin müdafiə sənayesinə sanksiyalar tətbiq edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz