
Dünyanın nüfuzlu media və film şirkətlərindən biri olan “Warner Bros. Discovery” (“WBD”) başqa bir tanınmış film istehsalçısı “Paramount” şirkətinin 108,4 milyard dollara, yaxud səhm başına 30 dollara almaq təklifini rədd edib.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, şirkətin səhmdarlara göndərdiyi məktubda direktorlar şurası bu təklifi yüksək riskli adlandırıb.
“WBD” həmçinin “Paramount”u dezinformasiya yaymaqda ittiham edib. Belə ki, “Paramount” sövdələşmənin baş icraçı direktor Devid Ellisonun ailəsi tərəfindən maliyyələşdirildiyini iddia etsə də, “WBD” bunun doğru olmadığını bildirib. Məktubda qeyd olunur ki, maliyyələşmə qeyri-şəffaf və geri götürülə bilən trast vasitəsilə nəzərdə tutulub və bu, səhmdarlar üçün risk yaradır.
Direktorlar şurası səhmdarlara səhmlərini satmamağı və şirkətin daha əvvəl təsdiqlədiyi “Netflix”lə razılaşmanı dəstəkləməyi tövsiyə edib. Buna cavab olaraq “Paramount” öz təklifinin tam nağd zəmanətə malik olduğunu və “Netflix”in şərtlərindən daha üstün olduğunu bəyan edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz