Rusiyada ən çox hansı avtomobillər satılır? – Siyahı


Rusiyada işlənmiş minik avtomobillərinin satışları 2025-ci ilin noyabr ayında oktyabrla müqayisədə 9,9% azalaraq 652 min 998 avtomobildən 588 min 653 avtomobilə düşüb.
Yeniavaz.com
“Avtostat” analitik agentliyinə istinadən xəbər verir ki, illik müqayisədə bazarda artım müşahidə olunub – 2024-cü ilin noyabr ayı ilə müqayisədə satışlar 12,2% yüksəlib.
Markalar üzrə göstəricilərdə “Lada” 134 min 700 satılan avtomobillə lider mövqeyini qoruyur. İlk üçlükdə həmçinin Yaponiyanın “Toyota” markası (58 861 avtomobil) və Cənubi Koreyanın “Kia” markası (34 756 avtomobil) yer alıb. “Hyundai” 33 315 avtomobillə dördüncü, “Volkswagen” isə 25 804 avtomobillə beşinci olub.
İlk onluqda, eyni zamanda, “Nissan” (25 650), “Chevrolet” (20 558), BMW (19 789), “Honda” (19 436) və “Renault” (19 258) markaları da yer alıb.
“Avtostat” bildirir ki, ilk onluqdakı bütün markalar aylıq müqayisədə azalma göstərib. Ən böyük azalma “Kia” markasında (-12,3%) qeydə alınıb.
Ümumilikdə, 2025-ci ilin yanvar–noyabr aylarında Rusiyada 5,6 milyon işlənmiş minik avtomobili satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur.
“Avtostat”ın məlumatına görə, noyabrın sonunda Rusiyaya 59 800 işlənmiş avtomobil idxal edilib. Bu göstərici oktyabr ayında qeydə alınan 59 900 avtomobillik rekord səviyyədən bir qədər aşağıdır. Mütəxəssislər bunu 1 dekabr 2025-ci ildən qüvvəyə minən yeni təkrar emal haqqı ilə əlaqələndirirlər. İdxalçılar bu tarixdən əvvəl ölkəyə maksimum sayda avtomobil gətirməyə çalışıblar.
İdxal olunan avtomobillər arasında “Toyota” ən populyar marka, “Toyota Corolla” isə ən çox gətirilən model olub. Noyabr ayında Rusiyaya idxal edilən işlənmiş avtomobillərin 34,2%-i Yaponiyanın payına düşüb. Cənubi Koreya (24,8%) və Çin (18,3%) ikinci və üçüncü yerlərdə qərarlaşıb. İlk beşliyi Gürcüstan (8%) və Belarus (6,8%) tamamlayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top