Gürcüstan parlamenti Cənubi Osetiyanın müvəqqəti administrasiyasını ləğv edib


Gürcüstan parlamenti üçüncü və sonuncu oxunuşda 2007-ci ildə o vaxtkı prezident Mixail Saakaşvilinin rəhbərliyi altında yaradılmış Cənubi Osetiyanın müvəqqəti administrasiyasını ləğv edən qanunu qəbul edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 83 deputat səs verib.
Sənəd imzalanmaq üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə göndəriləcək. Prezidentin qanunu imzalamaq üçün iki həftə vaxtı var. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təşəbbüsünə əsasən, Saakaşvili dövründə yaradılmış qurum 2026-cı il yanvarın 1-dən etibarən ləğv ediləcək.
Cənubi Osetiya administrasiyasının ləğvi ilə bağlı qərar ilk dəfə noyabrın 17-də keçirilən brifinqdə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili tərəfindən açıqlanıb. O bildirib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamaq üzrə uzunmüddətli siyasəti fonunda əvvəlki hakimiyyətin “Cənubi Osetiya” terminindən istifadə etməsi “konstitusiyaya və milli maraqlara xəyanət” kimi qiymətləndirilməlidir.
Papuaşvilinin sözlərinə görə, 2007-ci ildə Cənubi Osetiya administrasiyasının yaradılması 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya Muxtar Vilayətinin sərhədlərinin faktiki bərpasına töhfə verib və bu amil sonradan 2008-ci il münaqişəsində rol oynayıb.
Qeyd edək ki, Cənubi Osetiyanın müvəqqəti administrasiyası 2007-ci ildə Mixail Saakaşvilinin prezidentliyi dövründə formalaşdırılıb. Mərkəzi Tbilisidə yerləşən quruma, Gürcüstan hakimiyyətinin bölgə üzərində faktiki nəzarəti itirməsinə baxmayaraq, keçmiş muxtar ərazinin idarə olunması həvalə edilib. Administrasiya əsasən humanitar məsələlərlə məşğul olub, Cənubi Osetiyadan olan qaçqınlara yardım göstərib. Qurum uzun müddət Vladimir Sanakoyev, 2022-ci ildən isə Tamaz Bestayev tərəfindən idarə olunub.

DİGƏR XƏBƏRLƏR

Top