
Mingəçevir Dövlət Universitetində ilin strateji addımı: Türkiyənin lider universiteti ODTÜ ilə əməkdaşlıq
2025-ci il 17 dekabr tarixində Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orta Doğu Teknik Universiteti arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edən Anlaşma Memorandumu imzalanıb.
Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara şəhərində yerləşən Orta Doğu Teknik Universitetində səfərdə olub. Nümayəndə heyətini ODTÜ-nun rektoru prof. Ahmet Yozgatlıgil qarşılayıb. Görüş zamanı tərəflər ali təhsil sahəsində mövcud çağırışlar, qlobal akademik trendlər, universitetlərarası əməkdaşlığın yeni modelləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Prof. Ahmet Yozgatlıgil qonaqları salamlayaraq MDU-nun nümayəndə heyətini ODTÜ-da görməkdən məmnunluğunu ifadə edib. O, universitetlərarası əməkdaşlığın elmin qlobal səviyyədə inkişafı və innovativ biliklərin paylaşımı baxımından mühüm rol oynadığını qeyd edərək, imzalanan Anlaşma Memorandumunun Azərbaycan–Türkiyə ali təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Rektor ODTÜ-nun güclü tədqiqat infrastrukturu və akademik təcrübəsinin MDU ilə birgə layihələr, elmi nəşrlər, akademik mübadilə proqramları və ortaq təşəbbüslər üçün geniş imkanlar yaratdığını vurğulayıb və bu əməkdaşlığın uzunmüddətli və səmərəli olacağına əminliyini ifadə edib.
Rektor Anar Eminov MDU-nun son illərdə həyata keçirdiyi beynəlxalqlaşma strategiyasına toxunaraq bildirib ki, universitetdə elmdə və tədqiqatda dayanıqlı inkişafı prioritet istiqamət kimi müəyyənləşdirib. O, müasir tədris və idarəetmə modellərinin tətbiqi, rəqəmsallaşma və innovasiya yönümlü təşəbbüslərin genişləndirilməsi fonunda ODTÜ ilə qurulan əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, ODTÜ kimi beynəlxalq səviyyədə tanınan elmi-tədqiqat universiteti ilə əməkdaşlıq MDU-nun akademik potensialının güclənməsinə, birgə elmi layihələrin icrasına, eləcə də tələbə və müəllim heyəti üçün yeni beynəlxalq imkanların yaranmasına mühüm töhfə verəcək.
Görüşün sonunda MDU ilə ODTÜ arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum iki universitet arasında institusional əməkdaşlıq üçün ümumi hüquqi çərçivə rolunu oynayaraq, gələcəkdə fakültə, institut və struktur bölmələr səviyyəsində konkret əməkdaşlıq sənədlərinin imzalanmasına imkan yaradır.
Memoranduma əsasən əməkdaşlıq akademik və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat layihələrinin icrası, magistrantlara ikili elmi rəhbər təyini, konfrans və tədbirlərin təşkili, tədqiqat laboratoriyalarının qurulması, akademik material və məlumat mübadiləsi, eləcə də qısamüddətli xüsusi təhsil və akademik proqramların həyata keçirilməsini əhatə edir.
Buna uyğun olaraq, ilkin mərhələdə tələbə mübadiləsi proqramı 2025–2026-cı tədris ilindən etibarən həyata keçiriləcək və hər akademik il üzrə hər iki universitetdən iki tələbənin qarşılıqlı mübadiləsi nəzərdə tutulur.
Memorandum eyni zamanda müəllim heyətinin qısa və uzunmüddətli akademik səfərlərini, tədqiqat və tədris fəaliyyətlərində iştirakını da əhatə edir. Tərəflər elmi etikaya, bərabər imkanlar prinsipinə, ayrı-seçkiliyin yolverilməzliyinə və şəxsi məlumatların qorunmasına xüsusi önəm verdiklərini sənəddə təsbit ediblər.
Qeyd edək ki, ODTÜ ilə imzalanan Anlaşma Memorandumu MDU-nun beynəlxalqlaşma strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, universitetin dünyanın aparıcı ali təhsil və tədqiqat mərkəzləri ilə əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.




Tətbiqimizi yükləyə bilərsiniz