Tacikistan Rusiyaya nota verdi


Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tacikistan XİN-in rəsmi “Telegram” kanalında məlumat dərc olunub.
Məlumata görə, Tacikistan XİN Odintsovo şəhərinin Qorki-2 kəndindəki Uspenskaya orta məktəbində dördüncü sinif şagirdi, Tacikistan vətəndaşı Kobiljon Alievə qarşı etnik nifrət zəminində törədilən hücumu qətiyyətlə pisləyib.
Rusiyanın Tacikistandakı səfirinə Rusiya tərəfindən bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparılması və bütün iştirakçıların qanunun bütün tələbləri çərçivəsində məsuliyyətə cəlb edilməsi tələb olunan nota təqdim edilib.
Qeyd edək ki, hadisə dekabrın 16-da səhər saat 9:00 radələrində Qorki-2 kəndindəki Uspenskaya məktəbində baş verib. 15 yaşlı rusiyalı yeniyetmə bıçaqla mühafizəçiyə, daha sonra isə 10 yaşlı Kobiljon Alievə hücum edib. Aliev aldığı yaralardan ölüb. Sinif otaqlarından birində özünü barrikadaya salan yeniyetmə daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Rusiya mediasının verdiyi məlumata görə, hücum saxlanılan şəxsin millətçi və ksenofob baxışlarından irəli gəlib. Hadisə yerindən əvvəllər Rusiyanın “Telegram” kanallarında dərc olunmuş foto və videolarda yeniyetmənin bir qrup şagirdə yaxınlaşdığı və onlardan birinə hücum etməzdən əvvəl “Siz hansı millətdənsiniz?” deyə soruşduğu görünür.
Rusiya İstintaq Komitəsi hadisə iə bağlı cinayət işi açıb.
İstintaq Komitəsinin məlumatına görə, saxlanılan 15 yaşlı yeniyetmə dindirmə zamanı müstəntiqə cinayətini etiraf edib və törətdiyi cinayətə hazırlıq və şəraiti təsvir edib.
Daha sonra vəkil Vadim Baqaturiya hücum edən şəxsi on ilə qədər həbs cəzası gözlədiyini bildirib. O əlavə edib ki, əgər müayinə gəncin dəli olduğunu aşkar edərsə, o, məcburi tibbi müalicəyə göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top