
Dünyanın nüfuzlu iqtisadi nəşrlərindən olan “The Economist” 2025-ci il üçün qlobal iqtisadi mənzərəyə dair illik icmalını və ənənəvi “İlin iqtisadiyyatı” reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, nəşrin qiymətləndirməsinə görə, 2025-ci ildə qlobal ÜDM-in təxminən 3% artacağı gözlənilir ki, bu da ötən ilin göstəricisinə uyğundur. Dünyanın əksər ölkələrində işsizlik aşağı səviyyədə qalır, fond bazarlarında isə növbəti dəfə sabit artım qeydə alınıb. Əsas problem olaraq isə hələ də inflyasiya göstərilir. OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində inflyasiya səviyyəsi mərkəzi bankların 2%-lik hədəfindən yuxarıdır.
Qeyd edək ki, “The Economist” artıq beşinci ildir ki, “İlin iqtisadiyyatı” reytinqini tərtib edir. Qiymətləndirmə əsasən 36 inkişaf etmiş ölkəni əhatə edir və beş əsas göstərici üzrə aparılır: əsas inflyasiya, inflyasiya dərəcəsi, ÜDM artımı, fond bazarının göstəriciləri və məşğulluq.
Reytinqə görə, 2025-ci ilin ən uğurlu iqtisadiyyatı Portuqaliya seçilib. Ölkə güclü ÜDM artımı, aşağı inflyasiya və canlanan fond bazarı ilə fərqlənib. Ötən il qalib olan İspaniya bu dəfə də liderlər sırasındadır. Vaxtilə iqtisadi çətinliklərlə üzləşən Yunanıstan da ilk onluqda yer alıb.
Bundan əlavə, İsrail 2023-cü ildə yaşanan xaosdan sonra sürətli bərpa mərhələsini davam etdirərək yüksək nəticə göstərib.
Reytinqin son pillələrində əsasən Şimali Avropa ölkələri qərarlaşıb. Estoniya, Finlandiya və Slovakiya ən zəif göstəricilərə malik ölkələr sırasında yer alıb.
Almaniya əvvəlki illərlə müqayisədə nisbətən yaxşılaşsa da, zəif əmək bazarı səbəbindən hələ də qənaətbəxş nəticələr göstərə bilməyib. Böyük Britaniya da zəif il keçirib. ABŞ güclü əmək bazarına malik olsa da, nisbətən yüksək inflyasiya onun yekun reytinqini aşağı salıb.
Nəşrin əsas diqqət yetirdiyi göstəricilərdən biri dəyişkən qida və enerji qiymətlərini istisna edən əsas inflyasiyadır. Bu baxımdan Türkiyə açıq şəkildə fərqlənir – ölkədə inflyasiya (31,8%) digər dövlətləri böyük fərqlə üstələyib.
Əksinə, İsveç, Finlandiya və İsveçrə kimi ölkələrdə əsas inflyasiya demək olar ki, sıfıra yaxındır.
Artım və məşğulluq göstəricilərində də Portuqaliya ön sıradadır. Turizmin canlanması və aşağı vergilər ölkəyə varlı əcnəbilərin axınını artırıb. Çexiya istehsal və məşğulluq artımı ilə reytinqin ilk üçdə birində qərarlaşıb.
Fond bazarları kateqoriyasında ABŞ səhmləri qənaətbəxş nəticə göstərib. Fransada isə ən dəyərli şirkət olan LVMH-nin səhmlərinin durğunluğu ümumi göstəriciləri zəiflədib. Ən pis nəticə isə Danimarkada qeydə alınıb. “Ozempic” dərmanının istehsalçısı Novo Nordisk şirkətinin səhmləri bazar payını itirdiyi üçün ötən il 60% dəyər itirib.
“The Economist”in qənaətinə görə, 2025-ci ildə qlobal iqtisadiyyat sabit qalacaq, lakin inflyasiya ilə mübarizə yenə də dünya iqtisadiyyatının əsas çağırışı olacaq.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz