
Son dövrlərdə təhsil müəssisələrinin rus bölmələrində Azərbaycan dilinin tədrisinin gücləndirilməsi məsələsi yenidən gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, xüsusilə rus və ingilis bölmələrində təhsil alan bəzi şagirdlərin Azərbaycan dilində sərbəst danışa bilməməsi cəmiyyətdə narahatlıq doğurur.
Bu səbəbdən bir sıra fənlərin məcburi qaydada Azərbaycan dilində tədris olunması planlaşdırılır.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, azərbaycanlı ailələrin övladlarını məqsədli şəkildə rus bölməsinə yazdırmasının məntiqi əsası yoxdur:
“Digər dil bölmələri ölkədə yaşayan azsaylı millətlərin nümayəndələrinin təhsil alması üçün yaradılıb. Nə valideyn rus dilini bilir, nə də ətraf mühit rusdillidir. Buna baxmayaraq, hansısa ideoloji təsirin nəticəsində valideyn övladını rus bölməsinə qoyur və nəticədə uşağı yarımçıq vəziyyətə salır. 40–50 nəfərlik sinifləri araşdırsaq görərik ki, onların 70–80 faizi azərbaycanlı ailələrin övladlarıdır. Valideyn özü də uşağa dərslərdə kömək edə bilmir və məcbur repetitor axtarışına çıxır. Lakin dil öyrənmək adı ilə uşağın rus ideologiyası ilə böyüməsi nə dərəcədə doğrudur? Bunun qarşısı hansısa üsulla alınmalıdır”.
Elçin Əfəndiyev vurğulayıb ki, Azərbaycan vətəndaşı olan hər kəs ilk növbədə dövlət dilini öyrənməli və ona hörmətlə yanaşmalıdır:
“Bu ölkədə yaşayırıqsa, öz dilimizi bilməliyik. Nazirlik və dövlət milli təhsil strategiyasını ortaya qoyaraq milli kimliyə çağırış edir. Xüsusilə ibtidai siniflərdə Azərbaycan dilini kənara qoyub başqa dildə təhsil almaq düzgün yanaşma deyil. Rus bölməsində oxuyan şagirdlər üçün Azərbaycan dili dərs saatları artırılmalı, xüsusilə tarix fənni Azərbaycan dilində tədris olunmalıdır”.
Elçin Əfəndiyev hesab edir ki, bu istiqamətdə veriləcək qərarlar təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək:
“İnsanlar görəcəklər ki, Azərbaycan bölməsi daha keyfiyyətlidir. Alternativ olaraq ingilis bölməsində də təhsil almaq mümkündür. Şagirdin bilmədiyi dildə dərsliyi qavraması çətindir. Əgər şagird rusdillidirsə və rus millətinin nümayəndəsidirsə, rus dilində təhsil ala bilər. Amma Azərbaycan Respublikasının vətəndaşı olan hər bir şəxsin borcu Azərbaycan dilində təhsil almaqdır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz