
Məlum olduğu kimi, “2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda əmək qabiliyyətli əhali üçün gələn ildən yaşayış minimumunun 3,9% və ya 12 manat artırılaraq 317 manata çatdırılması nəzərdə tutulur.
Yeniavaz.com xəbər verir ki, həm milli qanunvericiliyə, həm də beynəlxalq təcrübəyə əsasən minimum istehlak səbəti bir şəxsin normal həyat fəaliyyəti üçün zəruri olan ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər əsasında formalaşdırılır.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu səbətdə əsas yük qeyri-ərzaq məhsulları və xidmətlərin payına düşür. Avropa İttifaqı dövlətlərində, ABŞ-də və Skandinaviya ölkələrində minimum istehlak səbətində ərzağın payı adətən 20–40 faiz, qeyri-ərzaq məhsulları və xidmətlərin payı isə 60–80 faiz təşkil edir.
Postsovet məkanında və inkişaf etməkdə olan ölkələrdə isə fərqli metodologiya tətbiq olunur. Bu ölkələrdə minimum istehlak səbəti əsasən ərzaq yönümlü hesablanır və çox vaxt 70 faiz ərzaq, 30 faiz qeyri-ərzaq məhsulları və xidmətlər nisbəti əsas götürülür.
Azərbaycanda minimum istehlak səbətinin hesablanmasında da 70/30 nisbətinə yaxın model tətbiq edilir. Rəsmi hesablamalara görə, ərzaq məhsulları səbətin əsas hissəsini təşkil edir.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablamalar göstərir ki, Azərbaycanda minimum istehlak səbətində yer alan ərzaq məhsullarının aylıq dəyəri 318 manat (187 dollar) təşkil edir. Bu məbləğ təxminən yaşayış minimumunun ümumi məbləğinə bərabərdir. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri əsasında müəyyən edildiyindən və Azərbaycanda 70/30 nisbəti ilə hesablama aparıldıqda yaşayış minimumunun ən azı 545 manat olması lazım gəlir.
Müqayisə üçün bildirək ki, qonşu Ermənistanda minimum istehlak səbətində ərzaq məhsullarının aylıq dəyəri təxminən 104 dollar (39,5 min dram) təşkil edir.
Məlumat üçün qeyd edək ki, Ermənistanda minimum istehlak səbətində ərzaq məhsullarının aylıq dəyərinin Azərbaycanla müqayisədə daha aşağı olmasının əsas səbəblərindən biri bu ölkədə adambaşına düşən minimum ərzaq normasının aşağı səviyyədə olmasıdır. Məsələn, Azərbaycanda balıq və balıq məhsullarının adambaşına düşən minimum illik istehlakı 7,7 kq olduğu halda, Ermənistanda bu göstərici 1 kq-dan da azdır. Bundan başqa, ət və ət məhsullarının minimum illik istehlakı Azərbaycanda 32,9 kq, Ermənistanda 17,63 kq, yağların istehlakı isə Azərbaycanda 17,9 kq, Ermənistanda isə 11,1 kq səviyyəsində hesablanır.
Onu da bildirək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib. “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” qərarın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, dövlət elmi müəssisə və təşkilatları, eləcə də qeyri-hökumət təşkilatları ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Lakin göründüyü kimi, artıq 11 ildir minimum istehlak səbətinin tərkibində heç bir dəyişiklik baş verməyib.
Cədvəldə Azərbaycanda və Ermənistanda minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarının istehlak normaları və dəyəri göstərilib:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz