Avtobusda sürücülər yüksək səslə musiqi səsləndirə bilərlər? – Açıqlama


İctimai nəqliyyatda sürücülərin radionu və musiqini çox yüksək səslə dinləməsi sərnişinlərin tez-tez narazılığına səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, xüsusilə avtobus və digər nəqliyyat vasitələrində radionun və ya musiqinin yüksək səslə səsləndirilməsi ictimai narahatlıq yaradır.
Bu cür halların qanunvericilik baxımından necə tənzimlənməsi və hansı hallarda inzibati məsuliyyət yaratması isə ictimai maraq doğurur.
Bəs ictimai nəqliyyatda musiqi dinlənilməsi qanunla necə tənzimlənir?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatda səs-küyün yaradılması qanunvericiliyə uyğun olaraq tənzimlənir:
“İctimai nəqliyyatdan istifadə zamanı səs-küyün yaradılması ictimai asayişin pozulması və sərnişinlərdə narahatlıq yaradılması kimi qiymətləndirilə bilər. Bu cür hallar İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və vəziyyətdən asılı olaraq müvafiq cərimə və ya inzibati tənbeh tətbiq oluna bilər”.
Ekspert qeyd edib ki, söhbət məhz ictimai nəqliyyat vasitəsinin daxilində baş verən davranışlardan gedir:
“Avtobusun, marşrutun və ya taksinin daxilində radionu yüksək səslə dinləmək, telefonda ucadan musiqiyə qulaq asmaq və ya səsli videolara baxmaq mahiyyət etibarilə eyni xarakterli hərəkətlərdir”.
Aslan Əsədov əlavə edib ki, bu cür hallar açıq məkanda, yəni ictimai nəqliyyat vasitəsindən kənarda baş verdikdə hüquqi qiymətləndirmə fərqli ola bilər:
“Hər iki halda məsələ İnzibati Xətalar Məcəlləsi çərçivəsində dəyərləndirilsə də, tətbiq edilən tədbirlər şəraitdən asılı olaraq dəyişir”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, daşıyıcılarla keçirilən görüşlərdə sürücülərə müvafiq tövsiyə və tapşırıqlar verilir:
“Qeyd edək ki, avtobuslarda sürücülər tərəfindən musiqi dinlənilməsi tövsiyə edilmir. Bəzi avtobuslarda isə təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top