Trampdan BBC-yə 10 milyard dollarlıq iddia


ABŞ Prezidenti Donald Tramp süni intellekt və digər texnologiyalardan istifadə edərək sözlərini təhrif etdiyinə görə Britaniya Yayım Korporasiyasından (BBC) ən azı 10 milyard dollar təzminat tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Amerika liderinin Florida ştatının Cənub Dairəsi üzrə federal məhkəməsinə verdiyi iddiada öz əksini tapır.
“Bu tələb BBC-nin “Panorama” proqramında Prezident Trampın böhtan xarakterli yalan, təhrikedici və zərərli təsvirlərindən irəli gəlir”, - deyə məhkəmənin onlayn məlumat bazasında dərc olunmuş sənəddə qeyd edilir.
Tramp məhkəmədən təqsirləndirilən şəxslərə ən azı 5 milyard dollar təzminat ödənilməsini tələb edir. Bundan əlavə, Ağ Ev rəhbəri cavabdehlər tərəfindən Floridanın “Aldadıcı və Ədalətsiz Ticarət Təcrübələri” qanununun pozulması iddiasına görə də 5 milyard dollar tələb edir. Bu isə onun iddialarının ümumi məbləğini 10 milyard dollara çatdırır.
Tələblər arasında həmçinin faizlər, xərclər, cərimələr, vəkil haqları və məhkəmənin ədalətli və düzgün hesab etdiyi digər güzəştlər var.
Qeyd edək ki, sözügedən proqram BBC tərəfindən 2024-cü ilin oktyabr ayında yayımlanıb. Həmin proqramda Trampın çıxışı onun tərəfdarlarını ABŞ Kapitoli binasını ələ keçirməyə çağırış kimi redaktə edilib, halbuki əslində prezident vətəndaş mövqeyini dinc yolla ifadə etməyin vacibliyindən danışıb. Qalmaqal BBC-nin baş direktoru Tim Deyvi və korporasiyanın xəbərlər şöbəsinin rəhbəri Debora Ternessin istefasına səbəb olub.
Xatırladaq ki, Tramp bundan əvvəl də tanınmış media korporasiyaları ilə çoxsaylı hüquqi mübarizə aparıb. Müxtəlif vaxtlarda o, CNN, “ABC News” və “CBS News” telekanallarına, eləcə də, “The Wall Street Journal” və “The New York Times” qəzetlərinə qarşı məhkəmə iddiaları qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top