
Dövlət Vergi Xidmətinin toplu SMS xidmətinin satın alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ata Texnologiya” MMC (VÖEN – 1400211841) olub.
Müsabiqənin şərtlərinə görə Dövlət Vergi Xidməti 15 000 000 ədəd SMS-in göndərilməsi üçün “Ata Texnologiya” MMC-yə 559 min 898 manat 20 qəpik ödəyəcək.
Ödəniləcək vəsaitə proqram təminatında daşınma nömrələr üzrə məlumat bazasının formalaşdırılmsı funksiyasının dəstəklənməsi xidməti də daxildir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ata Texnologiya” MMC 15 oktyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Qeyd edək ki, “Ata Texnologiya” MMC-nin rəsmi saytında şirkətin 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edildiyi bildirilir.
Onu da bildirək ki, uzun illər mətbuatda “AtaHolding”in 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz