“Tramp Berlindəki danışıqların nəticələrindən məmnundur” − KİV


“ABŞ Prezidenti Donald Tramp Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrindən məmnundur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb. 
Jurnalistlərin mənbələrinin bildirdiyinə görə, “məsələlərin 90 faizi” öz həllini tapıb.
Bildirilib ki, danışıqlar zamanı Stiv Uitkoff (Trampın xüsusi elçisi) və Cared Kuşnerin (Trampın kürəkəni) başçılıq etdiyi ABŞ nümayəndə heyəti və Ukrayna Prezidenti Volodimir Zelenski (həmçinin Avropa rəsmiləri) NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında modelləşdirilmiş Ukrayna üçün təhlükəsizlik zəmanətləri paketi hazırlayıb:
“Bu saziş mahiyyət etibarı ilə 5-ci maddəyə bənzər son dərəcə güclü təminatlara, həmçinin çox güclü çəkindirmə mexanizmlərinə əsaslanır: bunlar Ukrayna qoşunlarının sayına və onlarda mövcud olan silahlara aiddir”.
Sənədin təfərrüatları açıqlanmır. ABŞ rəsmilərinin fikrincə, ABŞ bu vəziyyətdə bacardığı qədər irəli gedib.
Görüşdə həmçinin Ukrayna əraziləri, o cümlədən Donbasın Rusiyanın iddia etdiyi hissələri, həmçinin Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi müzakirə olunub. ABŞ rəsmisinin sözlərinə görə, Tramp ərazi məsələsinə görə Ukraynaya “təzyiq” etmək niyyətində deyil və Kiyev onlarla nə edəcəyinə özü qərar verəcək. Atom elektrik stansiyasına gəlincə, mənbə iddia edir ki, tərəflər 50-50 enerji payı sazişi ilə razılaşmağa yaxındırlar:
“Hələ müzakirə edilməli olan bəzi məsələlər var, lakin Donald Tramp irəliləyişdən məmnundur. ABŞ prezidenti hesab edir ki, o, Rusiyanı Ukrayna üçün təklif olunan zəmanətlərlə razılaşmağa inandıra bilər”.
Xatırladaq ki, Ukrayna və ABŞ nümayəndələri arasında sülh planı və təhlükəsizlik təminatları üzrə danışıqlar dekabrın 14-15-də Berlində baş tutub. Xarici KİV-in məlumatına görə, danışıqlar davam edir, lakin Zelenskinin iştirakı olmadan.
Dekabrın 14-də keçirilən görüşdən sonra Stiv Uitkoff sülh planının müzakirəsində əhəmiyyətli irəliləyiş olduğunu bəyan edib. Zelenski danışıqları “çətin”, lakin “məhsuldar” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top