
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” 88 illik tarixində ilk dəfə olaraq ölkə daxilindəki zavodlarından birini bağlamaq qərarı verib.
Yeniavaz.com xəbər verir ki, şirkət maliyyə çətinlikləri fonunda Drezden avtomobil zavodunun fəaliyyətini dayandıracağını açıqlayıb.
“Volkswagen” Qrupunun baş direktoru Oliver Blume bildirib ki, şirkət hazırda bir neçə ciddi çağırışla üz-üzədir. Onun sözlərinə görə, Çin bazarından gələn rəqabət təzyiqi, ABŞ-nin tətbiq etdiyi tariflər və Avropa bazarında istehlakçı zövqlərinin dəyişməsi “Volkswagen”in mövqeyini zəiflədib.
Şirkət rəhbərliyi Drezden zavodunun bağlanmasını xərclərin azaldılması üçün yeganə çıxış yolu kimi qiymətləndirir. Bu addım “Volkswagen”ə hər il bir neçə milyon dollar qənaət etməyə imkan verəcək.
Qeyd edək ki, Drezden avtomobil zavodu 2002-ci ildə istifadəyə verilib. Zavod fəaliyyət göstərdiyi müddətdə təxminən 200 min avtomobil istehsal edib və bu göstərici ilə “Volkswagen”in portfelində orta ölçülü istehsal müəssisələrindən biri sayılır.
Zavodun bağlanması sosial baxımdan da ciddi nəticələrə səbəb olacaq. Belə ki, bu qərar minlərlə işçinin iş yerini itirməsi deməkdir. Ümumilikdə “Volkswagen” Almaniyada 35 minə qədər iş yerinin ixtisarını planlaşdırır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz