
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Digər tərəfdən, Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
Tətbiqimizi yükləyə bilərsiniz