Ukraynanın hücumdan sonra Qazaxıstan 480 min ton neft itirib


Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna edilən hücumdan sonra Qazaxıstanın Energetika Nazirliyi ölkədə gündəlik neft hasilatının qorunması üçün tədbirlər görür.
Yeniavaz.com
xəbər verir ki, nazirlik bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinin sorğusuna cavabında bildirib.
Qeyd olunub ki, Novorossiysk dəniz terminalında baş verən insident neft ixracının tamamilə dayandırılmasına səbəb olmayıb. Neft daşınması mövcud liman infrastrukturu vasitəsilə davam edir və təhlükəsizlik tədbirləri gücləndirilib.
Energetika Nazirliyi hazırda istehsalçı şirkətlərlə birgə neft həcmlərinin yenidən bölüşdürülməsi üzərində işləyir. Xüsusilə Kaşaqan yatağından hasil olunan neftin bir hissəsi Atasu–Alaşankou boru kəməri ilə Çin Xalq Respublikasına yönləndirilib. Nazirlik bunun mövcud texniki imkanlara və səhmdarların kommersiya müqavilələrinə uyğun, qanuni marşrut olduğunu vurğulayıb.
Bununla yanaşı, alternativ ixrac marşrutlarından istifadənin genişləndirildiyi qeyd olunur. Nazirlikdən bildirilib ki, bütün mümkün nəqliyyat variantları araşdırılır və logistika qəbul edən tərəflərin texniki imkanlarına uyğun şəkildə çevik tənzimlənir. Əsas məqsəd yataqlarda gündəlik hasilat həcmini qorumaq və iqtisadi riskləri minimuma endirməkdir.
Rəsmi məlumata görə, Ukrayna tərəfindən CPC-yə edilən hücumlar nəticəsində Qazaxıstanda ümumilikdə 480 min ton neft hasilatı itirilib. Buna baxmayaraq, Energetika Nazirliyi 2025-ci il üzrə hasilat və ixrac planlarının yerinə yetiriləcəyini açıqlayıb. Vəziyyət nazirlik tərəfindən daim nəzarətdə saxlanılır.
Xatırladaq ki, noyabrın 29-da səhər saatlarında Novorossiysk dəniz limanında pilotsuz qayıqlarla həyata keçirilən hücum nəticəsində CPC-yə məxsus tək nöqtəli lövbər qurğusu (SPU-2) sıradan çıxarılıb. Hadisədən sonra Qazaxıstan neft ixracının alternativ marşrutlar üzrə yenidən istiqamətləndirilməsi planını işə salıb. Qazaxıstan Xarici İşlər Nazirliyi isə CPC-nin vacib infrastrukturuna edilən hücumla bağlı Ukraynaya etirazını bildirib.
Məlumat üçün bildirək ki, Xəzər Boru Kəməri Qazaxıstanın qərbindəki neft yataqlarını və Xəzər dənizi şelfindəki Rusiya yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Uzunluğu 1500 kilometr olan bu marşrut Qazaxıstan neftinin əsas ixrac xəttidir və ölkədən boru kəməri ilə ixrac olunan neftin 80 faizindən çoxunu təşkil edir. Konsorsiumun illik ötürmə gücü Qazaxıstan üzrə 72,5 milyon tona, Rusiya istiqaməti ilə isə 83 milyon tona qədərdir. 2024-cü ildə CPC sistemi ilə 63,01 milyon ton neft nəql edilib, 2025-ci ildə isə daşınma həcminin 72–74 milyon tona çatacağı gözlənilir.
Qeyd edək ki, CPC-nin səhmdarları Rusiya (Transneft 24%, balans hesabatında 7% paya malikdir) - 31%, Qazaxıstan (KazMunayGas - 19% və Kazakhstan Pipeline Ventures MMC - 1,75% ilə təmsil olunur) - 20,75%, Chevron Caspian Pipeline Consortium Company - 15%, LUKOIL International GmbH - 12,5%, Mobil Caspian Pipeline Company - 7,5%, Rosneft-Shell Caspian Ventures Limited - 7,5%, BG Overseas Holding Limited - 2%, Eni International NANV - 2% və Oryx Caspian Pipeline MMC-dir - 1,75%.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top