
Rusiya Prezidenti Vladimir Putin gələn həftənin sonunda Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi MDB sammitində iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlət başçısının həftəlik iş qrafikinə istinadən “Vesti” telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Vladimir Putin sammit çərçivəsində həmkarları ilə bir sıra aktual məsələləri müzakirə edəcək.
Qeyd olunub ki, Vladimir Putin qeyri-rəsmi MDB sammitində Alyaskanın Ankoric şəhərində keçirilən Rusiya–ABŞ danışıqlarının nəticələrini müzakirə etməyi planlaşdırdığını da açıqlayıb. O, bu barədə Düşənbədə keçirilən MDB sammiti zamanı çıxışında bildirib.
“Əgər mümkün hesab edirsinizsə, bu ilin sonunda sizi Rusiyada, Sankt-Peterburqda qeyri-rəsmi görüşdə görməkdən çox məmnun olaram. Artıq bəzi həmkarlarımla məlumat mübadiləsi aparmışam və onları Alyaskanın Ankoric şəhərində amerikalılarla Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı işimizin nəticələri barədə məlumatlandırmışam”, – deyə Putin qeyd edib.
Rusiya lideri vurğulayıb ki, daha dar tərkibdə keçiriləcək görüşdə Ukraynadakı münaqişənin həlli ilə bağlı müsbət qiymətləndirilən nəticələr və gələcək addımlar daha ətraflı müzakirə olunacaq. Onun sözlərinə görə, sonrakı iş Alyaskada aparılan danışıqlarda müzakirə edilən fundamental prinsiplərə əsaslanacaq.
Qeyd edək ki, Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində yerləşən Elmendorf–Riçardson hərbi bazasında danışıqlar aparıblar.
Tətbiqimizi yükləyə bilərsiniz