
Ukrayna Prezidenti Volodimir Zelenski Belarusun siyasi məhbusları Avropa İttifaqı ölkələri vasitəsilə azad etmək istəmədiyini, bu səbəbdən onların Ukraynaya təhvil verildiyini bildirib.
Yeniavaz.com “Avropa Pravdası” qəzetinə istinadən xəbər verir ki, Zelenski bu barədə Berlinə səfəri zamanı jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, Belarus siyasi məhbusları ilə bağlı təmaslar ölkələr arasında kəşfiyyat səviyyəsində aparılıb.
Zelenski qeyd edib ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ona Belarus tərəfinin siyasi məhbusları təhvil verməyə hazır olduğunu bildirib. Belarus tərəfi bu prosesi heç bir Aİ ölkəsi vasitəsilə həyata keçirmək istəməyib və yalnız Ukrayna üzərindən razılaşıb.
“Onlar dedilər ki, əgər mən bunu dəstəkləsəm, siyasi məhbusları Ukrayna vasitəsilə təhvil verməyə hazırdırlar. Mən də cavab verdim ki, əlbəttə, biz bunu dəstəkləyirik və onları qəbul etməyə hazırıq”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, siyasi məhbuslar məsələsi Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır, çünki onların arasında Ukrayna vətəndaşları da var.
“Biz həm öz siyasi məhbuslarımızı, həm də Belarus siyasi məhbuslarını mütləq geri almalıyıq. Qərarlarımızı da məhz bu prinsiplə veririk”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, dekabrın 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə aparılan danışıqlardan sonra 123 siyasi məhbusu azadlığa buraxıb. Daha sonra açıqlanıb ki, azad edilən məhbusların əksəriyyəti Ukraynaya təhvil verilib.
Tətbiqimizi yükləyə bilərsiniz