
Almaniya Kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin aqressiv xarici siyasətinin yalnız Ukrayna ilə məhdudlaşmayacağı barədə xəbərdarlıq edib.
Yeniavaz.com DW-yə istinadən xəbər verir ki, Merz bu barədə Münhendə keçirilən Xristian Sosial Birliyinin (XSS) qurultayında çıxışı zamanı danışıb.
Kanslerin sözlərinə görə, əgər Ukrayna süqut edərsə, Rusiya burada dayanmayacaq: “Putin dayanmayacaq. Əgər Ukrayna süqut etsə, dayanmayacaq”.
Almaniya kansleri bildirib ki, Kremlin məqsədi Avropada sərhədləri köklü şəkildə dəyişmək və Sovet İttifaqının keçmiş sərhədləri daxilində nüfuzunu bərpa etməkdir. Merzin fikrincə, bu yanaşma vaxtilə SSRİ-nin tərkibində olmuş ölkələr üçün hərbi təhlükə də daxil olmaqla ciddi risklər yaradır.
Bu səbəbdən kansler Ukraynaya davamlı dəstəyin, Avropa birliyinin gücləndirilməsinin və Birləşmiş Krallıqla strateji əməkdaşlığın Almaniyanın xarici və təhlükəsizlik siyasətində əsas prioritetlərdən olduğunu bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə şübhə altına alınan NATO-nun uzunmüddətli qorunmasının vacibliyini qeyd edib.
Merz Rusiyaya qarşı siyasətdə tarixi paralellərə də toxunub. Onun sözlərinə görə, 1914-cü ildə dövlətlərin tələsik şəkildə Birinci Dünya Müharibəsinə daxil olması ilə müqayisə düzgün deyil. “Reuters”in sitat gətirdiyi kimi, kansler daha uyğun tarixi bənzətmənin 1938-ci ilə aid olduğunu bildirib.
Merz xatırladıb ki, Münhen Sazişindən sonra Adolf Hitler Avropa dövlətlərinin sakitləşdirmə siyasətini zəiflik kimi qəbul edib və bir il sonra İkinci Dünya Müharibəsinə başlayıb.
ABŞ, Çin və Rusiyada baş verən proseslərə də diqqət çəkən Almaniya kansleri qlobal siyasi və iqtisadi güc mərkəzlərində “demək olar ki, tektonik dəyişikliklərin” baş verdiyini deyib. Onun sözlərinə görə, almanlar və ümumilikdə avropalılar bu proseslərin tam mərkəzindədirlər və ABŞ kimi öz milli və strateji maraqlarını qorumalıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz