
Azərbaycanlı hərbçi, polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Facebook” sosial şəbəkə hesabında məlumat verib.
Ş.Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru kimi fəaliyyətə başlamasının karyerasında maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələnin başlanğıcı olduğunu bildirib.
“AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”, - o qeyd edib.
Qeyd edək ki, Şəbnəm Səfərova 2023-cü ildən bu ilin avqustunadək BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz