
İnsan şəxsiyyətinin 30-40 faizi genlərdən gələn, 60-70 faizi isə sonradan əldə edilən xüsusiyyətlərə görə formalaşır. Buna görə də, bəzi insanlar genetik strukturlarının təsiri ilə introvert, bəzi insanlar isə ekstrovert olurlar (yeri gəlmişkən deyək ki, introvert insanlar başqaları ilə ünsiyyətdən qaçan, müstəqil fəaliyyət göstərməyi üstün tutan, ekstrovert insanlar isə başqaları ilə ünsiyyətə meyilli olan, kollektiv fəaliyyət göstərməyə üstünlük verən insanlardır).
İntrovert insanı ekstrovert, ekstrovert insanı isə introvert insana çevirmək isə insanın genetik strukturuna ziddir. Üstəlik, bu, insanın özünəinamının azalması deməkdir. Buna görə də, ata-analar uşaqlarının genetik keyfiyyətlərini müəyyən etməli və onlarla münasibətdə bu keyfiyyətləri nəzərə almalıdırlar.
Digər tərəfdən, ata-analar uşaqlarında görmək istədikləri xüsusiyyətləri sanki onlara təlqin edirlər. Halbuki uşaqlarının genetik xüsusiyyətləri və ya şəxsiyyət imkanları onların tələblərinə uyğun olmaya da bilər. Ata-analarının tələblərinə cavab verməyən uşaqlar bu vəziyyətlərinə görə təzyiqə və ya tənqidə məruz qaldıqda isə özünəinamlarını daha da itirirə bilərlər. Hətta bəzi hallada bu vəziyyət ağır depressiyalara da aparıb çıxara bilər. Ona görə də, bu cür məsələlərdə təkcə ziyanın yarısından yox, harasından qayıtsanız, xeyirdir.
İnsan psixologiyası elastikdir və bəzən asanlıqla olmasa da, yeni vəziyyətlərə adaptasiya ola bilir. Buna görə də, həm uşağın, həm də ata-ananın istəyi ilə (üstəlik, uşağın hansı yaşda olmasından asılı olmayaraq) bu cür problemləri aradan qaldırmaq olar.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz