
Xəbər verdiyimiz kimi, dekabrın 11-də 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzə gətirilib və müayinə zamanı onun 36 həftə 4 günlük hamilə olduğu məlum olub.
Ginekoloq Arzu Məhərrəmova Yeniavaz.com-a açıqlamasında bildirib ki, tibbi baxımdan ideal ana olma yaşı 18–35 yaş arası hesab olunur.
Ginekoloqun sözlərinə görə, yeniyetmələrdə hamiləlik daha təhlükəlidir:
“Çünki onların orqanizmi ana olmağa nə fiziki, nə də psixoloji baxımdan hazır olmur. Erkən hamiləlik dedikdə, ümumilikdə 18 yaşına qədər olan hamiləliklər nəzərdə tutulur. Həm 18 yaşdan aşağı, həm də 35 yaşdan yuxarı yaşda ana olmaq müəyyən risklərlə müşayiət olunur. Doğuş yolları tam formalaşmadığı üçün bətndaxili döl ölümü, vaxtından əvvəl doğuş, döl qüsurları və erkən düşüklər daha çox müşahidə edilir. Eyni zamanda, mineral və vitamin çatışmazlığı dölün müxtəlif anomaliyalarla dünyaya gəlməsinə səbəb ola bilər. Hətta hamiləlik sona qədər davam etsə belə, bu yaş qrupunda doğuşların əksəriyyəti keysəriyyə əməliyyatı ilə başa çatır”.
Arzu Məhərrəmova qeyd edib ki, doğuşdan sonrakı dövrdə problemlər daha da artır:
“Yeniyetmə ana psixoloji baxımdan da ana olmağa hazır olmur. O, uşağın tərbiyəsi, böyüdülməsi və düzgün qulluq edilməsi ilə bağlı çətinliklər yaşayır. Süd vəziləri funksional olaraq tam inkişaf etmədiyindən süd ifrazı normal səviyyədə olmur. Ana tez yorulur və körpəni vaxtında, lazımi qaydada əmizdirə bilmir. Bəzi hallarda yeniyetmə analar doğuşdan sonra uşağa qarşı laqeyd münasibət göstərir, ona lazımi qayğı göstərmir, düzgün qulluq və qidalanma rejimi qura bilmirlər. Nəticədə uşaq çox zaman nənələrin və ya dayələrin himayəsində qalır ki, bu da onun tərbiyəsinə və psixoloji inkişafına mənfi təsir göstərir”.
A. Məhərrəmova vurğulayıb ki, bu yaş qrupunda ən çox rast gəlinən hallar erkən düşüklər və doğuşların keysəriyyə əməliyyatı ilə nəticələnməsidir:
“Bu səbəbdən profilaktik məqsədlə yeniyetmələrin ana olmasının qarşısının alınması tövsiyə olunur. Hətta ailə qurmuş olsalar belə, ən azından kontrasepsiya vasitələrindən istifadə edərək hamiləliyin gecikdirilməsi məsləhət görülür”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz