
“Ukraynanın ərazisi məsələsini ölkə xalqı seçkilər və ya referendum yolu ilə həll etməlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bildirilib ki, Donbas və Zaporojye Atom Elektrik Stansiyası ABŞ-nin hazırladığı sülh planında əsas həll olunmamış məsələlər olaraq qalır.
Onun sözlərinə görə, hazırda müzakirə olunan sülh planı rus qoşunlarının Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərindən çıxarılmasını təklif edir:
“Ruslar bütün Donbası istəyir, amma biz, əlbəttə ki, bunu qəbul etmirik. Amerikalılar hansısa format axtarırlar. Onlar azad iqtisadi zona məsələsini müzakirə ediblər. Amerikalılar bunu belə, ruslar isə demilitarizasiya zonası adlandırırlar”, - Zelenski bildirib.
Ukrayna lideri vurğulayıb ki, ərazilərlə bağlı yekun qərar ədalətli və xalqın mövqeyinə əsaslanmalıdır:
“İnanıram ki, Ukrayna xalqı bu suala cavab verəcək. İstər seçkilər, istərsə də referendum yolu ilə Ukrayna xalqının mövqeyi müəyyənləşməlidir”.
Tətbiqimizi yükləyə bilərsiniz