Ukrayna 2027-ci ildə Aİ-yə üzv ola bilər


ABŞ-nin sülh planının hazırkı variantına görə, Ukrayna 2027-ci ildə Avropa İttifaqına (Aİ) üzv ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika və Ukrayna rəsmilərinə istinadla “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukraynanın Aİ-yə sürətli üzvlüyü ölkədə investisiyanın artmasına kömək edə, həmçinin ölkədə korrupsiyanın səviyyəsini azalda bilər.
Tramp planının yeni variantında həmçinin atəşkəs, ərazi mübadiləsi və Donbasdan Xersona qədər bütün təmas xətti boyunca Koreyadakı kimi silahsızlaşdırılmış zonanın yaradılması da nəzərdə tutulur.
Bundan əlavə, ağır silahların qadağan olunacağı başqa bir zona da planlaşdırılır.
WP-nin məlumatına görə, Rusiya ilə Ukrayna arasındakı sərhədin dəqiq yeri hələ də müzakirə olunur.
Nəşr qeyd edir ki, ABŞ Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti öz üzərinə götürə bilər, Ukrayna isə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları ilə təmin oluna bilər.
Tərəflər həmçinin Ukrayna ordusunun sayının 600-800 min nəfərlə məhdudlaşdırılmasını, Milli Qvardiyanın və digər əlavə qüvvələrin yaradılmasını müzakirə edirlər.
Qeyd edək ki, Rusiya Ukraynanın Donbasda nəzarət etdiyi ərazilərdən qoşunlarını çıxarmasında israr edir. Dekabrın 9-da Britaniyanın “Sky News” telekanalı Ukraynanın Rusiyanın Donbasın təhvil verilməsi tələbi ilə razılaşa biləcəyi barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top