
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın Xarici Siyasət Cəmiyyətində keçirilən toplantıda bu ölkədə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, “Almaniyaya xoş gəlmisiniz”, – deyə Ağayev erməni dilində bildirib, daha sonra çıxışını ingilis dilində davam etdirib.
Azərbaycan səfiri deyib ki, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir.
“Bu, bizim münasibətlərimizdə ən sabit və dinc dövrdür ki, bunu biz və siz əldə etmişik. Biz ona nail olduq ki, uşaqlarımız, nəvələrimiz bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacaqlar. Və ümid edirəm ki, həmişə sülh şəraitində yaşayacaqlar. Azərbaycan da, əlbəttə ki, sülh gündəliyinin təşəbbüskarı olub”, – deyə səfir bildirib.
O, Vaşinqton razılaşmalarının tam şəkildə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Ağayev “son maneə” kimi Ermənistan Konstitusiyasının dəyişdirilməsini qeyd edib.
“Ümid edirik ki, bu da aradan qaldırılacaq ki, biz sülh sazişini rəsmi şəkildə imzalaya bilək”, – deyə Ağayev vurğulayıb.
Daha əvvəl isə Paşinyan bəyan edib ki, Ermənistanda Konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra keçirilməlidir. Bununla yanaşı, o bildirib ki, bu, Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı deyil.
Tətbiqimizi yükləyə bilərsiniz