
Çempionlar Liqasında liqa mərhələsinin VI turuna start verilib.
Yeniavaz.com xəbər verir ki, turun ilk oyun günü maraqlı nəticələrlə yadda qalıb.
Gecənin ən əhəmiyyətli oyununda İtaliya ikincisi “İnter” İngiltərə çempionu “Liverpul”u qəbul edib və minimal hesablı məğlubiyyətlə üzləşib. Yeganə qolu son dəqiqələrdə macar yarımmüdafiəçi Dominik Şobozlai penalti zərbəsindən vurub.
Türkiyə təmsilçisi “Qalatasaray” isə səfərdə “Monako”ya 1:0 hesabı ilə məğlub olub. Meydan sahiblərinin qolunu 68-ci dəqiqədə amerikalı hücumçu Florian Baloqun vurub.
İspaniya çempionu “Barselona” isə ÇL-dəki uğursuz nəticələrinə son qoyub və azarkeşləri önündə “Ayntraxt Frankfurt”u fransalı müdafiəçi Jül Kundenin dublu sayəsində 2:1 udub. Kunde hər iki qolu üç dəqiqə ərzində vurub.
Ötən gecə VI tur çərçivəsində baş tutan ÇL oyunlarının nəticələri belə olub:
“Barselona” – “Ayntraxt Frankfurt”: 2:1;
“İnter” – “Liverpul”: 0:1;
“Atalanta” – “Çelsi”: 2:1;
“Monako” – “Qalatasaray”: 1:0;
“PSV Eyndhoven” – “Atletiko Madrid”: 2:3;
“Royal Union” – “Marsel”: 2:3;
“Tottenhem” – “Slaviya”: 3:0;
“Bavariya” – “Sportinq”: 3:1;
“Kayrat” – “Olimpiakos”: 0:1.
Tətbiqimizi yükləyə bilərsiniz