
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib.
Ötən il Baş nazir Robert Fitsonun Azərbaycana, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulanıb.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirilib.
Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz