
Ermənistan Statistika Komitəsi 2024-cü il üzrə “Yoxsulluğun vəziyyəti” adlı geniş hesabatını dərc edib.
Yeniavaz.com hesabata istinadən xəbər verir ki, Ermənistanın ən yoxsul rayonu Şirakdır.
Burada əhalinin 43%-i yoxsul kateqoriyasına daxildir.
İkinci yerdə Tavuş yerləşir – bu regionda yoxsulluq səviyyəsi 39,9% təşkil edib.
Vayots Dzor, Geqarkunik, Armavir və Kotayk bölgələrində də yoxsulluq göstəriciləri ölkə üzrə orta səviyyədən yüksəkdir. Ən aşağı göstəricilər isə Araqatsotn (7,6%) və Syunik (6,2%) bölgələrində qeydə alınıb.
Qeyd edək ki, Ermənistanda 2024-cü ildə ümumi yoxsulluq səviyyəsi 21,7%, ifrat yoxsulluq isə 0,6% olub.
Rəsmi hesablamaya görə vətəndaşın aylıq istehlakı (yoxsulluq həddi) 53 420 dramdan (140 dollar) çox deyilsə, o yoxsul sayılır. İstehlak xərcləri 29 196 dramdan (77 dollar) azdırsa, bu artıq ifrat yoxsulluq kimi qiymətləndirilir.
Hesabatda göstərilir ki, ailə nə qədər böyükdürsə, yoxsulluq ehtimalı da bir o qədər artır. 6 üzvlü ailələrdə yoxsulluq səviyyəsi 27,4%, 7 və daha çox üzvlü ailələrdə isə 39% olub.
Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda yoxsulluq səviyyəsi 5,3%, yoxsulluq həddi isə 270,1 manat (159 dollar) olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz