
Tailand-Kamboca sərhədində baş verən atışmalarda Tailand hərbçiləri arasında ölənlərin sayı 3 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı Kral Ordusuna istinadla məlumat yayıb.
Bildirilib ki, ilk itkilər dekabrın 8-9-da baş verib. Tailandın Kamboca sərhədindəki birgə mətbuat mərkəzinin məlumatına görə, ilk atışma zamanı 1 Tailand hərbçisi ölüb, 29 Tailand hərbçisi yaralanıb.
Qeyd edək ki, Tailand-Kamboca sərhədində atışma dekabrın 7-də başlayıb. Dekabrın 8-də Kral Ordusu Kamboca silahlı qüvvələrinin səhər tezdən sərhəd bölgəsində Tailandın mövqelərini atəşə tutduğunu bildirib. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Tailand Ordusunun İkinci Dairəsi Kambocanın 8 və 9 dekabr tarixlərində Tailand ərazisini BM-21 sistemlərindən, həmçinin, kamikadze dronlarından istifadə edərək, atəşə tutduğunu bildirib. Tailand qüvvələri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə itki vermək üçün cavab atəşi açıb.
Tətbiqimizi yükləyə bilərsiniz