ABŞ şirkətləri “Lukoyl”un İraqdakı payını almaq istəyirlər


ABŞ administrasiyası “Lukoyl” şirkətinin İraqın “Qərbi Qurna-2” neft yatağındakı payının Amerika şirkətinə verilməsi planını dəstəkləyir.
Yeniavaz.com
“Bloomberg”ə istinadla xəbər verir ki, İraq ötən həftə ABŞ şirkətlərinə yatağın nəzarət səhm paketini təklif edib.
İraq Neft Nazirliyi rəsmi olaraq alıcının adını açıqlamasa da, potensial iddiaçılar arasında “ExxonMobil” və “Chevronn”un olduğu bildirilir. Hər iki şirkət məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Bloomberg” yazır ki, Bağdad “Qərbi Qurna-2” üzrə üstünlüyü əvvəllər qonşu “Qərbi Qurna-1” yatağını işlədən “ExxonMobil”ə verə bilər.
Mənbələrin sözlərinə görə, ABŞ hökuməti noyabr ayında İraqın bu niyyətindən xəbərdar olub və amerikalı şirkətin layihəyə cəlb edilməsini strateji baxımdan məqsədəuyğun hesab edir. Nəşr qeyd edir ki, “Qərbi Qurna-2” yatağı İraqın xam neft hasilatının təxminən 10%-ni təmin edir və ölkə texniki imkanlarını gücləndirmək üçün Qərb investisiyalarına ciddi ehtiyac duyur.
“Reuters”in daha əvvəl yaydığı məlumata görə, “ExxonMobil” artıq İraqla “Lukoyl”un “Qərbi Qurna-2”dəki 75%-lik payının alınması barədə danışıqlar aparır.
Xatırladaq ki, “Lukoyl”, “Rosneft” və onların törəmə şirkətləri oktyabrın sonunda ABŞ sanksiyalarına məruz qalıb. Bunun ardınca “Lukoyl” beynəlxalq aktivlərini, o cümlədən İraqdakı layihələrini satmağı planlaşdırdığını açıqlayıb.
Onu da qeyd edək ki, “Lukoyl”un Azərbaycandakı törəmə şirkəti “LUKOIL-Azərbaycan” QSC 1993-cü ildə yaradılıb və bu, “Lukoyl”un ilk xarici layihəsi olub. Hazırda şirkətin 87 yanacaqdoldurma məntəqəsi, 1 neft bazası və təxminən 500 əməkdaşı var. Bundan başqa, “Lukoyl” BP-dən sonra “Şahdəniz” layihəsində ən böyük – 19,99% paya sahibdir. Həmçinin, “Lukoyl” Cənubi Qafqaz Boru Kəmərində də 19,99% iştirak payına malikdir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top