
Türkiyədə mərc oyunlarında iştirakla bağlı aparılan istintaq çərçivəsində futbolçular, hakimlər, klub prezidentləri və futbol şərhçiləri də daxil olmaqla 37 nəfər hakim qarşısına çıxarılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlardan 5-i haqqında həbs qətimkan tədbiri seçilib.
“Qalatasaray”ın futbolçusu Metehan Baltacı, “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş, “Adana Dəmirspor”un sabiq prezidenti Murat Sancak, “Konyaspor”un seneqallı futbolçusu Alassane Ndao və “Ankaraspor” klubunun sahibi Ahmet Okatan həbs edilib”, - “Birgün” yazır.
Bildirilib ki, səhhətində problem yaranan və müalicə müəssisəsinə köçürülən tanınmış futbol şərhçisi Ahmet Çakar haqqındakı həbs qətimkan qərarı isə müvəqqəti olaraq dəyişdirilib.
Qeyd edək ki, TFF prezidenti İbrahim Ethem Hacıosmanoğlu oktyabrın 24-də təşkilatın Riva qərargahında keçirdiyi mətbuat konfransında 371 hakimin mərc hesabının olduğunu və onlardan 152-nin aktiv şəkildə mərc oynadığını açıqlayıb. Bu ifadə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “hesabat” kimi qəbul edilib və dərhal araşdırma başladılıb. Baş Prokurorluğun açıqlamasında bildirilir ki, istintaq zamanı təkcə TFF-nin verdiyi adlar və məlumatlar araşdırılmayıb. Bundan başqa, hakimlərin əmlakları, onların bir-biri ilə və digər şəxslərlə şübhəli hesab edilən əlaqələri, xüsusən də hakimlərin oyuna qanunsuz olaraq xaricdən mərc edib-etməməsi və oyundan kənarlaşdırılmalara qarşı böyük məbləğdə pul qoyuluşu edib-etməməsi barədə məlumatlar yoxlanılıb.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqın birinci mərhələsində əksəriyyəti hakim olan 21 nəfərə qarşı həbs-qətimkan tədbirləri həyata keçirilib, “Eyüpspor” prezidenti də daxil olmaqla 8 nəfər həbs edilib.
149 hakimə 8 aydan 12 aya qədər diskvalifikasiya cəzası verilib.
TFF, mərc oyunlarının araşdırılması çərçivəsində hakimlərin və menecerlərin araşdırmasından sonra ehtiyat tədbiri olaraq 1024 oyunçunu Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib. 102 futbolçu 45 gündən 12 aya qədər diskvalifikasiya olunub.
Tətbiqimizi yükləyə bilərsiniz