
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 6-cı turunda “İnter”ə qarşı keçiriləcək oyun üçün heyətdən kənarlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar direktorlar şurası və “Liverpul”un baş məşqçisi Arne Slot tərəfindən qəbul edilib.
Qeyd edək ki, Salah daha əvvəl İngiltərə Premyer Liqasının 15-ci turunun “Lids Yunayted”lə oyunundan (3:3) sonra komandadakı rolundan razı olmadığını bildirib. O, həmçinin klubun bu mövsüm “Liverpul”un zəif nəticələrinə görə onu günahlandırmağa çalışdığını iddia edib. Baş məşqçi Arne Slot da onun tənqidindən kənarda qalmayıb.
Xatırladaq ki, 33 yaşlı Salah 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Bu mövsüm o, müxtəlif yarışlarda 19 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Ötən mövsüm hücumçu Premyer Liqanın bombardiri və ən çox məhsuldar ötürmə verəni olub. Apreldə tərəflər onunla müqaviləni iki il müddətinə uzadıblar. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Salah “Liverpul”un heyətində ümumilikdə 420 oyun keçirib, 250 qol vurub və 116 məhsuldar ötürmə edib. O, uelsli hücumçu İan Raş (339) və ingilis hücumçu Rocer Hantdan (271) sonra komandanın üçüncü ən çox qol vuran oyunçusudur. Salah “Liverpul”la İngiltərə Premyer Liqası, Çempionlar Liqası, İngiltər Kuboku və Super Kuboku, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Çempionatı və iki Liqa Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz