İspaniyada qadın işə tez gəldiyi üçün işdən çıxarılıb


İspaniyada kuryer şirkətinin əməkdaşı davamlı olaraq işə çox tez gəldiyi üçün işdən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Oddity Central” nəşri məlumat yayıb.
Məhkəmə işçinin hərəkətini “çox ciddi pozuntu” hesab edərək, işəgötürənin qərarını qüvvədə saxlayıb.
Nəşrin məlumatına görə, əmək müqaviləsində səhər saat 7:30-da başlaması nəzərdə tutulsa da, qadın müntəzəm olaraq səhər saat 6:45-7:00 arasında işə gəlib.
Onun işə belə tez gəlməsi rəhbərliyi qəzəbləndirib. Çünki o, həmkarlarından daha tez işə başlayaraq, müəyyən edilmiş prosedurları pozub.
Qadın ilk xəbərdarlığını 2023-cü ildə alıb. Ancaq xəbərdarlığa baxmayaraq, o işə tez gəlməkdə davam edib. Rəhbərlik nəhayət, onun belə tez saatlarda heç bir iş tapşırığı olmadığını və buna görə də şirkət üçün heç bir faydası olmadığını əsas gətirərək, onu işdən çıxarmaq qərarına gəlib.
Qadın Alikante Məhkəməsində onun işdən çıxarılmasına etiraz etmək qərarına gəlib. Ancaq hakim işəgötürənin mövqeyini müdafiə edib.
“İşçinin davranışı etibar və sədaqət münasibətlərinə təsir göstərib, bu münasibətlər əhəmiyyətli dərəcədə zərər çəkib, çünki şirkətin xəbərdarlıqlarına baxmayaraq, ərizəçi müəyyən edilmiş vaxtdan əvvəl şirkətin binalarına daxil olmaqda davam edib”, - məhkəmə qərarında qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top