Rublun bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?


Bu ilin əvvəlindən ötən 11 ay ərzində Rusiyanın milli valyutası – rublun məzənnəsi dollar qarşısında təxminən 33% bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, ilin yanvar ayının əvvəlində 1 dollar 114 rubl olduğu halda, bu gün 76,6 rubl təşkil edir.
Qeyd edək ki, Azərbaycan manatının digər valyutalara qarşı məzənnəsi dollar əsasında müəyyən edildiyi üçün manat da rubl qarşısında ucuzlaşıb. Belə ki, bu ilin yanvar ayında 1 manat 67 rubl olduğu halda, bu gün 45 rubl təşkil edir.

Bəs görəsən, manatın məzənnəsinin Rusiya rublu qarşısında dəyərdən düşməsinin Azərbaycan iqtisadiyyatına hansı təsirləri olacaq?
Məlumat üçün bildirək ki, rublun manat qarşısında bahalaşması ilk növbədə bu ölkədən Azərbaycana idxal olunan məhsulların qiymətində özünü göstərəcək. Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrdən biri Rusiyadır. Bu ilin ilk 10 ayı ərzində Rusiyadan Azərbaycana 3,2 milyard dollar dəyərində məhsul gətirilib və Rusiya idxalda Çindən sonra ikinci yerdə qərarlaşıb.
Rusiyada inflyasiyanın 5% səviyyəsində olduğunu nəzərə alsaq, şimal qonşumuzdan gətirilən məhsulların qiymətlərində ciddi artım müşahidə oluna bilər. Yəni son 11 ay ərzində rublun manat qarşısında 33% bahalaşması Rusiyadan idxal olunan məhsulların da eyni səviyyədə bahalaşması deməkdir. Məsələn, ilin əvvəlində Rusiyada dəyəri 1 000 rubl olan hər hansı bir məhsul üçün 15 manat ödəyirdiksə, hazırda, 5%-lik inflyasiyanı da nəzərə alsaq, həmin məhsul üçün 21 manat ödəməli oluruq.
Nəzərə alsaq ki, Rusiyadan Azərbaycana əsasən qida məhsulları idxal olunur, rublun bahalaşması ölkədə ərzaq inflyasiyasının da artmasına səbəb ola bilər.
Onu da qeyd edək ki, son bir ildə Rusiyadan idxal olunan bir sıra ərzaq məhsullarının gömrük dəyərində də ciddi artımlar qeydə alınıb. Məsələn, son bir ildə Rusiyadan gətirilən 1 kiloqram təzə pendir və kəsmiyin gömrük dəyəri 2,8 dollardan 3,5 dollara, kartofun dəyəri 25 sentdən 40 sentə, kərə yağının dəyəri isə 6,3 dollardan 10,6 dollara yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top