
Böyük Britaniya hökuməti paytaxt Londonda yeni Çin səfirliyinin tikintisinə dəstək verdiyini açıqlayıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar ölkə ictimaiyyətində və müxalifətində ciddi narazılıq doğurub.
Tənqidçilər hesab edirlər ki, layihə Pekinin Böyük Britaniyadakı casusluq fəaliyyətinə yeni imkanlar açacaq.
Baş nazirin sözçüsü iddialara cavab olaraq bildirib ki, Çin diplomatik heyətinin hazırda müxtəlif ünvanlarda yerləşən yeddi obyektinin bir məkanda toplanması əslində təhlükəsizlik xidmətlərinin işini sadələşdirəcək.
Layihənin reallaşdırılması bir neçə dəfə təxirə salınıb. Bu, artıq üçüncü gecikmədir. Buna baxmayaraq, Çin tərəfinin 2026-cı il yanvarın 20-də tikintiyə icazə alacağı gözlənilir.
Böyük Britaniyanın daxili işlər və xarici işlər nazirlərinin Pekinlə danışıqlardan sonra ilkin narahatlıqlarının aradan qalxdığı bildirilir. Çin hökuməti bütün diplomatik heyəti vahid binada toplamağa söz verib.
İngiltərə müxalifəti layihəyə kəskin şəkildə qarşı çıxır. Onların fikrincə, səfirliyin tikiləcəyi nəhəng ərazi və onun Londonda əsas fiber-optik kabel paylama qovşağına yaxınlığı təhlükəsizlik baxımından ciddi risk yarada bilər.
Yeni səfirliyin planlaşdırıldığı sahə tarixi Eastminster ərazisində yerləşir. Burada 14-cü əsrdə Sistersian monastırı fəaliyyət göstərib, 1809–1967-ci illərdə isə Kral Sikkəxanası (The Royal Mint) məhz bu ərazidə yerləşib.
Ərazidə monastırın xarabalıqları və köhnə zərbxananın qalıqları bu günə qədər mövcuddur. Onların gələcək taleyi barədə hər hansı rəsmi məlumat verilməyib.
Torpaq sahəsi 2018-ci ildə Çin Xalq Respublikası tərəfindən 225 milyon funt sterlinqə (təxminən 311 milyon ABŞ dolları) satın alınıb.
Tikinti icazəsi təsdiq olunsa, səfirlik 20 min kvadratmetr sahəni əhatə edəcək və Avropanın ən böyük diplomatik nümayəndəliyinə çevriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz