Dünyanın ən bahalı muzeyləri hansılardır? – “Luvr” biletlərin qiymətini artırır


14 yanvar 2026-cı ildən etibarən Avropa İqtisadi Bölgəsindən (EEA) kənardan gələn turistlər üçün “Luvr” muzeyinə giriş biletlərinin qiyməti 32 avro (37 dollar) olacaq.
Yeniavaz.com
 xarici KİV-lərə istinadən xəbər verir ki, muzey rəhbərliyinin ilkin hesablamalarına görə, qiymət artımı “Luvr”un büdcəsinə ildə əlavə 15–20 milyon avro qazandıracaq.
Bildirilir ki, bu vəsait “muzeyin struktur problemlərinin həlli, müasirləşdirilməsi və yenilənməsi” üçün xərclənəcək.
Bununla belə, “Luvr” hələ də dünyanın ən bahalı muzeyləri siyahısında ilk yerdə deyil.
Hazırda ən baha bilet satılan muzey statusu ABŞ-nin Şimali Karolina ştatında yerləşən “Biltmore Estate”ə məxsusdur. Buraya giriş il ərzində mövsümdən asılı olaraq 70-130 dollar arasında dəyişir. Onlayn rəylərə görə, bəzi ziyarətçilər cəmi iki saatlıq gəzinti üçün 150 dollardan çox ödəniş etməli olublar.
1889–1895-ci illərdə II Corc Vaşinqton Vanderbilt tərəfindən inşa etdirilən və 250 otaqlı Fransız intibah üslubunu əks etdirən bu nəhəng mülk ABŞ-dəki ən böyük şəxsi ev hesab olunur. Tikintinin ümumi dəyəri təqribən 1 milyard dollar olub. Mülk 1930-cu ildə ictimaiyyətə açıldıqdan sonra ölkənin ən populyar turistik məkanlarından birinə çevrilib.
Dünyanın ən bahalı giriş bileti olan muzeylərdən biri də İngiltərədə yerləşən tarixi Portsmut Tərsanəsidir. 500 illik tarixi olan bu dəniz bazası Britaniya Kral Donanmasının ən önəmli obyektlərindən biri kimi tanınır. Kompleksə bir sıra məşhur tarixi gəmilər daxildir.
Tərsanəni ziyarət etmək adambaşına 61 dollara başa gəlir və rəylərə görə, bu qiymət ekskursiyanın əhatəliliyi ilə tam əsaslandırılır.
Kaliforniya Elmlər Akademiyası həm tədqiqat institutu, həm də dünyanın ən innovativ təbiət tarixi muzeylərindən biri sayılır. 2008-ci ildə tam təmir edilən kompleks akvarium, planetarium, tropik meşə günbəzi və müxtəlif interaktiv zonaları özündə birləşdirir.
Buraya giriş böyüklər üçün 60 dollar təşkil edir. Akademiya həm uşaqlar, həm də böyüklər üçün əvəzsiz təcrübə təqdim edən nadir məkanlardan biridir.
Mərakeşdə yerləşən Yves Saint Laurent Muzeyi, böyük modelyerin həyatına və yaradıcılığına həsr olunmuş iki muzeydən biridir. Digər muzey Parisdə fəaliyyət göstərir.
Mərakeşdəki muzeyə giriş 170 dirhəm və ya təxminən 47 dollardır.

DİGƏR XƏBƏRLƏR

Top