
Tərbiyə məsələsində xüsusi resept yoxdur. Hər kəsin səviyyəsinə görə bir üsul düşünmək olar. Təbii ki, söhbət ailədə uşaqdan gedir və hər şeydən əvvəl siz onun nə qədər həssas olduğunu, hansı davranış qarşısında necə reaksiya göstərdiyini bilməlisiniz.
Bu dediyimiz ona görə lazımdır ki, fərdi tərbiyə prosesində həssas yanaşma çox mühüm amildir. Yəni, bu məsələ bir növ insanın çiyninə qaldıra biləcəyi yükü qoymaq, mədəsinin həzm edəcəyi yeməyi vermək kimidir.
Hər şeydən əvvəl uşağınız əmin olmalıdır ki, siz onu nə olursa-olsun çox sevirsiniz. Bu inam onun qəlbini isitməli, güc mərkəzinə çevrilməlidir. Ancaq bu, heç də o mənaya gəlməməlidir ki, siz onun hər səhvinə göz yummalısınız. Uşaq da bunu bilməli, səhvinin cəzasız qalmayacağını umutmamalıdır.
Cəza dediyin də təkcə, tənbeh etmək, yaxud nədənsə məhrum etmək deyil. Elə cəza növləri var ki, uşağa bunların hamısından daha çox təsir göstərir. Biz də elə bu mövzuda danışmaq istəyirik, yəni susaraq tərbiyə etməkdən…
Susmaq bəzi hallarda razılıq əlaməti hesab olunsa da, bu məqamda narazılıq ifadə etməlidir. Uşaq anlamalıdır ki, siz onun hansısa davranışından və ya hərəkətindən məmnun qalmamısınız. Ancaq bu narazılıq da qarşı tərəfi əzəcək qədər ağır olmamalıdır. Unutmayaq ki, uşaq qəlbi sevdiyini itirməkdən çox qorxur.
Şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm. Dostumun evinə qonaq getmişdim, oturub söhbət edirdik. Birdən dostum oğlunu çağırdı və nəsə tapşırdı, ardınca da “Səndən adam olmayacaq”, - dedi. Uşaq atasının bu sözünə gülümsədi və üzünü mənə tutub:
- Atamın belə deiyinə baxmayın! Onun ən çox sözünü eşidən də mənəm, ən çox tənbehini eşidən də.
Bir anlığa mənə elə gəldi ki, dostumun oğlu özündən çox-çox böyükdür.
Təbii ki, bütün uşaqlardan eyni davranışı gözləmək də doğru deyil. Ancaq hər valideyn öz uşağını tanımalı və onun səviyyəsinə uyğun tərbiyə üsulu seçməlidir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) də övladı kimi sevdiyi, tərbiyə etdiyi səhabələirinin birindən heç gözləmədiyi səhvi görəndə çox məyus olar, mübarək çöhrəsinin rəngi dəyişər, üzünü yana çevirib susardı. Onun bu sükutu səhabələr arasında tufandan, şimşəkdən betər əks-səda verərdi. Çünki Onu məyus etmək kimi bir səhvi onlar özlərinə bağışlaya bilmirdilər.
Ümumiyyətlə, sevdiyini itirmək, sevdiyinin sevgisindən məhrum qalmaq qorxusu insanın fitrətindədir.
Uşağınız hələ körpədir. Onun üçün dünyanın ən güclü pəhləvanı, ən mahir rəssamı, ən varlı adamı sizsiniz. Onun gözündəki bu məharəti, bu gücü, bu səviyyəni qoruyub saxlamağa çalışın. Tərbiyə həmişə xoş sözlə, sevgi ilə olmur, hərdən də susaraq tərbiyə edin...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz