HƏMAS ağır silahlardan imtina etdi


Qəzza münaqişəsinin tərəfləri və vasitəçiləri Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi, o cümlədən hərəkatdan ağır silahların müsadirə edilməsi ilə bağlı ilk addımlar barədə razılıq əldə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Fələstin hərəkatı Amerika tərəfinə sülh prosesinin bir hissəsi kimi Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduğunu təsdiqləyib.
Telekanalın mənbələrinin məlumatına görə, vasitəçi ölkələr (Misir, Qətər və Türkiyə) və ABŞ arasında son təmaslar Qəzza sülh prosesinin ikinci mərhələsinə doğru irəliləyiş nümayiş etdirib və onun əsas parametrlərini dəyişməyib.
Konkret olaraq, tərəflər Fələstin anklavında təhlükəsizliyi qorumaq üçün beynəlxalq qüvvələrin yaradılmasını tezliklə elan etmək niyyətindədirlər və İsrail Qəzza əhalisinə humanitar yardımı artırmağı öhdəsinə götürüb.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzza zolağında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Razılaşmaya əsasən, İsrail qüvvələri anklav ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq, Sarı Xətt adlanan yerə çəkilib. Oktyabrın 13-də HƏMAS 20 israilli girovu azad edib və 28 girovdan dördünün qalıqlarını təhvil verib. Bu günə qədər İsrail 27 girovun qalıqlarını təhvil alıb. Dekabrın 5-nə olan məlumata görə, 7 oktyabr 2023-cü ildə öldürülən bir İsrail əsgərinin cəsədi hələ də anklavda qalır.
Xatırladaq ki, Amerikanın “Axios” xəbər agentliyinin məlumatına görə, Tramp dekabrın 25-dək Qəzza zolağı sülh sazişinin ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq qüvvələrin yerləşdirilməsini, eləcə də “Sülh Şurası” da daxil olmaqla, sektorun idarə olunması üçün strukturların işə başlamasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top