
“Wuling Hongguang Mini EV” oktyabr ayında dünyada ən çox satılan elektrik avtomobili olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Clean Technica” portalı məlumat yayıb.
Məlumata görə, avtomobil bu ayda 61 min 515 ədəd satılaraq model üçün yeni rekord müəyyən edib.
Məşhur “Tesla Model Y” krossoveri isə ikinci pilləyə düşüb: onun oktyabr ayı üçün satışları illik müqayisədə 37 faiz azalaraq 52 min 320 ədəd olub.
Üçüncü yeri 44 min 244 ədəd satışla “Geely Geometry Xingyuan” hetçbeki tutub.
İlk onluqda altı yeri BYD modelləri tutub (dördüncü-altıncı, səkkizinci-onuncu yerlər). Yeni “Xiaomi YU7” krossoveri isə 33 min 708 ədəd satışla yeddinci yerdə qərarlaşıb.
Cəmi bir ay ərzində dünyada 1,9 milyondan çox “plug-in” avtomobil satılıb.
Buna baxmayaraq, 2025-ci ilin ilk 10 ayı ərzində “Tesla Model Y” 841 min 293 satışla qlobal bestseller olaraq qalır.
İkinci yer BYD “Song/Seal U” ailəsinə (499 min 364 ədəd), üçüncü yer isə “Tesla Model 3”ə (412 min 630 ədəd) aiddir.
Oktyabr ayında zirvəyə yüksələn “Wuling Hongguang Mini EV” isə 349 min 568 ədədlə bu reytinqdə yalnız altıncıdır.
Tətbiqimizi yükləyə bilərsiniz