
İsrailin Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi, general-mayor Roman Hoffmanı Mossad xarici kəşfiyyat xidmətinin direktoru təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirim ofisi məlumat yayıb.
Hofman yeni vəzifəsində beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək.
Netanyahunun Hofmanı yeni vəzifəyə keçirmək tələbi gün ərzində İsrailin Yüksək Vəzifəli Təyinatlar üzrə Məsləhət Komitəsi tərəfindən təsdiqlənməlidir.
Ofis Netanyahunun Hofmanı müxtəlif namizədlər arasında bir sıra müsahibələrdən sonra seçdiyini qeyd edib.
“Baş nazir əmindir ki, general-mayor Hofman Mossad direktoru vəzifəsinə ən layiqli və ən uyğun namizəddir və ona bu mühüm rolda böyük uğurlar arzulayır”, - məlumatda bildirilib.
Qeyd edək ki, Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə mühacirət edib və burada 1995-ci ildə zirehli korpusa çağırılıb. Sonradan zabit hazırlığını bitirib və diviziya səviyyəsinə qədər müxtəlif ordu hissələrinə komandanlıq edib. 2022-ci ildə o, Milli Quru Qoşunlarının Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz