
“Mənim heç bir halda Ramiz Mehdiyevlə əlaqəm olmayıb. Heç vaxt görüşməmişik də”.
Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-a müsahibəsi zamanı millət vəkili Cavanşir Paşazadə deyib.
O, həmçinin qardaşı – şeyxülislam Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətləri barədə müvafiq suala belə cavab verib:
“Allahşükür Paşazadə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərdə olub. Başqa bir mövzu ola bilməz”.

Cavanşir Paşazadə
Deputat, həmçinin şeyxin adının müxtəlif biznes sahələrində çəkilməsi məsələsinə də münasibət bildirib:
“Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar.
Hələ 20 il əvvəl deyirdilər ki, guya kartof-soğan biznesi ilə məşğulam. Sonra bir ara xalça biznesində adım hallandı. İndi görürəm ki, daha yer qalmayıb. Kimin yeri itir, mənim adımı verirlər. Bu yaxınlarda televiziyadan zəng etdilər ki, sizin restoranınızda işləyən 5 nəfər şikayətçidir. Mənim hansı restoranım var ki? Amma müxbir deyir ki, bizə məlumat veriblər, sizin restoranınızdır, bu da gedib inanır. Hələ bir ara gömrükdən mal keçirmək istəyirdilər, mənim adımı verirdilər. Biz artıq belə şeylərə öyrəşmişik”.
Tətbiqimizi yükləyə bilərsiniz