
Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini yenidən açmağı nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, rəsmi Ankara 1993-cü ildə Qarabağ münaqişəsi fonunda müttəfiqi Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün Ermənistanla sərhədi bağlayıb.
Mənbələrin agentliyə bildirdiyinə görə, Azərbaycanla əldə olunan diplomatik irəliləyiş və sərhədin açılması Ermənistanın Baş naziri Nikol Paşinyana iyun seçkiləri ərəfəsində ciddi siyasi dəstək qazandıra bilər. Əgər Paşinyan seçkilərdə qalib gəlsə, Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişinin rəsmiləşdirilməsi istiqamətində danışıqların daha sürətli aparılacağı qeyd olunur. Yalnız bundan sonra Türkiyənin Ermənistana səfir təyin edərək diplomatik münasibətləri tam bərpa edəcəyi istisna edilmir.
Bununla belə, “Bloomberg” xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl Ankara üçün əsas şərtin Azərbaycanla Ermənistan arasında yekun sülh razılaşmasının imzalanması olduğunu bəyan etmişdi. Həm Ermənistan, həm də Türkiyə Xarici İşlər Nazirlikləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Məqaləyə görə, ötən şənbə Türkiyə və Ermənistan nümayəndələri Akyaka–Axurik sərhəd-keçid məntəqəsinə baxış keçirib, daha sonra Qars–Gümrü dəmir yolu xəttinin bərpası ilə bağlı Gümrüdə görüşüblər. Bildirilir ki, yol xəttində dəyişikliklər beş aya qədər vaxt tələb edə bilər. Yerli rəsmilər həmçinin sərhəd patrul xidməti üçün yeni yolların inşa edildiyini qeyd ediblər.
Agentlik vurğulayır ki, regionda sülhün təmin edilməsi Xəzər dənizi və Mərkəzi Asiyadan Avropaya neft-qaz nəql edən enerji kəmərləri üçün də strateji əhəmiyyət daşıyacaq və Rusiyadan yan keçməklə marşrutların təhlükəsizliyini möhkəmləndirə bilər.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi saziş çərçivəsində Birləşmiş Ştatlar TRIPP adlanan – Azərbaycan və Türkiyəni Ermənistan ərazisi vasitəsilə birləşdirəcək yeni şərq-qərb nəqliyyat xəttinin inkişafı üzrə eksklüziv hüquqlar əldə edib. Ermənistan Baş naziri Paşinyan parlamentdə çıxışı zamanı layihə üzrə tikinti işlərinin 2026-cı ilin ikinci yarısında başlanacağını, dəmir yolunun isə keçmiş sovet marşrutu üzrə salınacağını bildirib.
Sərhədin açılması halında, məhdudiyyətlərdən illərdir əziyyət çəkən sərhəd bölgələrindəki bizneslərin bundan ciddi şəkildə faydalanacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz