
Qış fəslinin yaxınlaşması ilə əlaqədar olaraq son günlər ölkə ərazisində qeyri-müəyyən hava şəraiti müşahidə olunmaqdadır.
Yeniavaz.com xəbər verir ki, hava şəraitinin dəyişkən olmasının insanlarda əhval-ruhiyyə və gündəlik davranış dəyişikliklərinə səbəb olduğu müşahidə edilir.
Bəs, tez-tez dəyişən hava şəraiti gündəlik davranışlarımıza və psixoloji sağlamlığımıza nə qədər təsir göstərir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, mövsüm dəyişikliyi zamanı insanlarda psixoloji vəziyyətin dəyişməsi tez-tez müşahidə olunur:
“Xüsusən payız və yaz aylarında təşviş pozuntusundan əziyyət çəkən şəxslərdə simptomların yenidən aktivləşməsi halları artır. Bunun səbəbi həmin dövrlərdə orqanizmin daha həssas olması və emosional fonun tez dəyişməsidir. Digər tərəfdən, fəsillərin ortasında havanın qeyri-sabit olması – bir gün günəş, ardınca yağış və ya külək psixikası həssas olan insanlarda narahatlığı artıra bilir. Məsələn, qışda qar yağanda insanların əhvalının yüksəlməsi təsadüfi deyil. Çünki uşaqlıqdan qalan xoş xatirələr qara qarşı pozitiv emosiyalar yaradır. Amma tutqun, çiskin və küləkli havalarda nevrozlar, meteohəssas insanlar və daimi təşvişlə yaşayan şəxslərdə narahatlıq daha çox özünü göstərə bilər”.

Aytən Ələkbərova
Psixoloq qeyd edir ki, mövsüm dəyişikliyindən əvvəl yaşanan hər hansı sarsıdıcı və ya qorxulu hadisə bəzi insanlarda şüuraltı qorxunun güclənməsinə səbəb ola bilər:
“Bu zaman tutqun havalar həmin qorxuları aktivləşdirir və insan özündə psixosomatik simptomlar – səbəbsiz narahatlıq, özündə xəstəlik axtarma, daxili gərginlik hiss edə bilir. Küləkli havalarda isə bəzilərində sanki daxildən silkələnmə kimi bir vəziyyət yaranır və səbəbsiz ağlama tutmaları belə ola bilər. Təbii ki, bütün bunlar insanın temperamentindən və psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bəzi hallarda yalnız psixoloqla fərdi söhbətlər kifayət edir. Lakin daha ağır, uzunmüddətli və xroniki hallar – məsələn, endogen depressiya olduqda artıq psixiatr müdaxiləsi tələb oluna bilər”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz