
Faberjenin imperator II Nikolayın kolleksiyasından olan “Qış yumurtası” hərracda 19,5 milyon funt-sterlinqə (25,7 milyon dollar) satılaraq, rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, hərrac Londandakı “Christie's” hərrac evi tərəfindən keçirilib.
Hərrac evinin məlumatına görə, ticarət 17 milyon funt-sterlinqdən (22,4 milyon dollar) başlayıb.
“Christie's” əlavə etdi ki, alıcı lot üçün komissiya daxil olmaqla, 22,9 milyon funt sterlinq (30,2 milyon dollar) ödəyəcək.
Alıcının kimliyi barədə məlumat verilməyib.
Qış Yumurtası II Nikolayın 1913-cü il Pasxa bayramı üçün anası İmperatriça Mariya Fedorovnaya Pasxa hədiyyəsi olub.
Onun dizaynı Karl Faberjenin aparıcı ustalarından birinin qızı, gənc zərgər Alma Pil tərəfindən hazırlanıb.
Yumurtanın hazırlanması Albert Holmstremin emalatxanasında həyata keçirilib. Daş üzərində oyma Peter Kremlevin rəhbərliyi altında Faberje emalatxanalarında icra edilib.
Qeyd edək ki, Oktyabr İnqilabından sonra yumurta 1920-ci illərdə London dileri tərəfindən 450 funta alınıb və sonradan bir neçə dəfə əl dəyişdirib. “Qış Yumurtası” 1994-cü ildə Cenevrədəki “Christie's” hərrac evində yenidən üzə çıxana qədər uzun müddət itmiş hesab olunub. O, burada 5,587 milyon dollara satılıb. “Qış Yumurtası” 2002-ci ildə Nyu-Yorkda keçirilən hərracda 9,58 milyon dollara satılaraq, rekorda imza atıb.
Xatırladaq ki, Peter Karl Faberje atasının Sankt-Peterburqdakı zərgərlik emalatxanasını miras albı və onun rəhbərliyi altında imperator ailəsindən sifarişlər almağa başlayıb. İmperatot III Aleksandr ailəyə ən böyük şöhrət gətirən Faberje Pasxa yumurtalarının ilkini sifariş verib. 1917-ci il inqilabından sonra bütün Faberje fabrikləri və dükanları milliləşdirilib. O vaxta qədər onun emalatxanası 50-dən çox imperator Pasxa yumurtası və fərdi müştərilər üçün 17 yumurta istehsal edib. Faberjenin özü və sənətkarlarının yaratdığı zərgərlik nümunələrinin ümumi sayı isə 150 mindən çoxdur.

Tətbiqimizi yükləyə bilərsiniz