
Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinin müəllimi Arzu Şükürova dərs keçmək üçün həftədə 2 dəfə Xankəndiyə gedib qayıtdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə dərc olunan məlumata şərh yazaraq A. Şükürovaya təşəkkür edib.

“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”, - deyə E. Əmrullayev “Azərbaycan universitetləri” səhifəsinin paylaşdığı posta yazdığı şərhdə bildirib.
Nazir, həmçinin bunun neqativ hal olduğunu, müəllimin vaxtının daha çox yollarda keçdiyini bildirən istifadəçiyə belə cavab verib:
“Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik?”

Emin Əmrullayev cümlədə durğu işarəsini qoymaması ilə bağlı istifadəçilərdən birinin ona etdiyi xəbərdarlığa görə də təşəkkür edib və səhvi düzəldib.
Tətbiqimizi yükləyə bilərsiniz