
Amerikalı milyarder, iş adamı İlon Mask keçmiş həmkarlarına ABŞ-nin hazırkı vitse-prezidenti Ceyms Devid Vensin Ağ Evin növbəti rəhbəri olacağına inandığını deyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Mask bu əminliyini noyabrın 22-də ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) əməkdaşlarına videokonfrans müraciətində bildirib.
Yuxarıda adı çəkilən və ictimaiyyətə açıqlanmayan çıxışı zamanı Mask ABŞ-nin “böyük 12 illik dövrün” başlanğıcında olduğunu vurğulayıb.
Qəzetin yazdığına görə, bu, Trampın indiki dörd illik prezidentlik müddətinə, eləcə də Vensin sonrakı iki müddətinə aiddir.
ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək, ancaq Vens hələlik qəti şəkildə namizəd olmaq planını açıqlamayıb.
Mask hazırda siyasətdən uzaqlaşıb, ancaq Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürərsə və Mask seçki kampaniyasında iştirak etmək qərarına gələrsə, bu Vens üçün maddi baxımdan güclü təkan olacaq.
Qeyd edək ki, Mask “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru və planetin ən varlı adamıdır. “Bloomberg”in son hesablamalarına görə , onun sərvəti 450 milyard dolları ötür.
Tətbiqimizi yükləyə bilərsiniz