“Bakı Metropoliteni” işçilərini ixtisar edir? – Rəsmi açıqlama


“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə QSC-nin yaydığı məlumatda bildirilir.
“Qurumda aparılmış səmərəlilik qiymətləndirmələri nəticəsində metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin — o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin — bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.
Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətlərin kənar ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub.
Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb.
Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:
- Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;
- “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;
- Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top