Tramp ölkəni tərk etməsi üçün Maduroya vaxt qoyub?


ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də telefon danışığında Venesuela Prezidenti Nikolas Maduronun bir həftə ərzində ölkəsini tərk etməsini tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
Onun mənbələrinə görə, liderlərin söhbəti 15 dəqiqədən az davam edib. Bu müddət ərzində Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və seçdiyi istənilən istiqamətə getmək üçün bir həftə vaxtının olduğunu deyib.
Qeyd olunub ki, bu müddət noyabrın 28-i cümə günü başa çatıb. Nəticədə, Tramp noyabrın 29-da “Truth Social”da yazıb ki, bütün hava yolları şirkətləri, narkotik və insan alverçiləri Venesuela üzərindəki və ətrafındakı hava məkanını tamamilə bağlı hesab etməlidirlər.
Agentliyin məlumatına görə, Maduro ailə üzvlərinə ABŞ-nin bütün sanksiyalarının ləğvi də daxil olmaqla, tam hüquqi amnistiya veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı mühakimələrin dayandırılmasını və ABŞ-nin 100 Venesuela rəsmisinə qarşı sanksiyalarının ləğvini tələb edib. O, həmçinin bildriib ki, Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir. Mənbələrə görə, Tramp Maduronun tələblərinin çoxunu rədd edib.
Agentliyin məlumatına görə, Maduronun Venesueladan mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər.
Qeyd edək ki, noyabrın 30-da Tramp Maduro ilə danışdığını təsdiqləyib, lakin o, təfərrüatlar barədə məlumat verməyib.
Xatırladaq ki, CNN-in məlumatına görə, Maduro 18 aydan tez olmayaraq, vəzifədən getməyə hazır olduğunu bildirib. Telekanal iddia edir ki, bəzi Amerika rəsmiləri Venesuela liderinin təklif etdiyi ssenarini böhranın mümkün həlli kimi qiymətləndirib, lakin Ağ Ev Maduronun dərhal istefasını tələb etmək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top