
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna hücuma kəskin etiraz edib.
Yeniavaz.com xəbər verir ki, nazirliyin sözçüsü Aybek Smadiyarovun açıqlamasına görə, insident Rusiya Federasiyasının Novorossiysk dəniz limanının akvatoriyasında qeydə alınıb.
Rəsmi bəyanatda bildirilir ki, beynəlxalq statusa malik konsorsiumun kritik infrastrukturuna edilən bu hücum “məqsədyönlü və qəbuledilməz” hesab olunur. XİN vurğulayıb ki, bu, beynəlxalq hüquqla müdafiə olunan mülki obyektə qarşı artıq üçüncü təcavüz aktıdır.
Qazaxıstan tərəfi, ölkənin qlobal enerji bazarının sabit və məsul iştirakçısı olaraq, enerji resurslarının fasiləsiz və etibarlı təchizatının təmin edilməsini hər zaman dəstəklədiyini xatırladıb. Bildirilib ki, Xəzər Boru Kəməri Konsorsiumu dünya enerji sisteminin sabitliyində mühüm rol oynayır və bu infrastrukturun təhlükəsizliyi regional və beynəlxalq maraqlar üçün həlledicidir.
Nazirlik əlavə edib ki, baş vermiş hücumu Astananın Kiyev ilə münasibətlərinə zərbə vuran addım kimi qiymətləndirir və Ukrayna tərəfindən gələcəkdə oxşar insidentlərin qarşısının alınması üçün effektiv tədbirlərin görüləcəyinə ümid edir.
Qeyd edək ki, noyabrın 29-da CPC-nin Novorossiysk yaxınlığındakı dəniz terminalında bir nöqtəli yanalma dayaqlarından biri pilotsuz qayıqlar tərəfindən hücuma məruz qalıb. Nəticədə obyektə ciddi ziyan dəyib və konsorsiumun mətbuat xidmətinin məlumatına görə, həmin sahənin fəaliyyəti hazırda mümkün deyil.
Tətbiqimizi yükləyə bilərsiniz