
Ukrayna Prezidenti Volodimir Zelenskinin prezident aparatının rəhbəri Andrey Yermakın iqamətgahında istintaq hərəkətləri aparılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında yerləşdirdiyi videoda bildirib.
“Axtarışlar, səhv etmirəmsə, səhər saat 5-dən davam edir”, - o qeyd edib.
Millət vəkili Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun əməkdaşlarının axtarış apardığı yeri də açıqlayıb.
“Axtarışın yerinə gəlincə, bu, Andrey Yermakın mənzili olub. O, hökumət məhəlləsinin qapalı hissəsində yerləşir”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl “Ukrainska Pravda” nəşri də Yermakın evində aparılan axtarışlar barədə məlumat vermiş, hadisə yerindən foto dərc etmişdi.
Şəkildə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun təxminən 10 əməkdaşının hökumət məhəlləsində nəzarət-buraxılış məntəqəsindən keçməsi əks olunub.
Digər tərəfdən, Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) da Yermakın evində axtarış aparıldığını rəsmən təsdiqləyib. Müvafiq məlumat bu orqanların “Telegram” kanalında dərc olunub.
Yermakın harada olduğu hələlik məlum deyil. Vəziyyətlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, noyabrın 10-da Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosunun və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu enerji sektorunda böyük korrupsiya sxeminin üzə çıxarılması üçün “Midas” adlı genişmiqyaslı əməliyyat elan edib. Bu sxemə iş adamı və Zelenskinin dostu Timur Mindiç rəhbərlik edirdi. Axtarışlar onun evində, o vaxtdan işdən çıxarılan ədliyyə naziri German Qaluşenkonun evində və “Energoatom” şirkətində aparılıb. Müstəntiqlərin fikrincə, cinayət sxeminin iştirakçıları ən azı 100 milyon dollar pulu “yuyublar”. Elə həmin gün Milli Büro Mindiçin mənzilində korrupsiya sxemlərinin müzakirə olunduğu söhbətlərin yazılarından çıxarışları dərc etməyə başlayıb. Ümumilikdə 1000 saat səs yazısı qeydə alınıb.
Noyabrın 11-də Milli Büro cinayət təşkilatının rəhbəri kimi Mindıçə, həmçinin Zelenskinin dostu və xaç atası olan keçmiş baş nazirin müavini və keçmiş milli birlik naziri Aleksey Çernışova qarşı ilk ittihamlarını irəli sürüb.
Mindıçın özü axtarışlardan bir neçə saat əvvəl Ukraynanı tərk edib və hazırda İsraildədir.
Tətbiqimizi yükləyə bilərsiniz